cümə 4 sentyabr 2026 - 08:27
Elmi hövzənin yeni texnologiyalar sahəsində əsas strategiyaları / İslam elmləri sisteminin süni intellekt əlavəsi ilə yenidən nəzərdən keçirilməsinə vurğu

Elmi hövzələrin rektoru vurğulayıb ki, Elmi hövzələr koqnitiv elmlər, qabaqcıl texnologiyalar və süni intellektlə qarşılaşarkən nə yeniliklərə heyran olaraq tələsik və səthi şəkildə yanaşmalı, nə də bu dəyişikliklərə qarşı qəflət, üzçevirmə və inkar mövqeyi tutmalıdır. O bildirib ki, bu yenilikləri düzgün, dərin, ictihad əsaslı və həmçinin İslamın fundamental prinsiplərinə söykənən yanaşma ilə öyrənmək, tənqidi şəkildə qiymətləndirmək və onlardan faydalanmaq, həmçinin İslam elmləri sistemini süni intellekt əlavəsi ilə yenidən nəzərdən keçirmək lazımdır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi bu gün, 3 sentyabr 2026-cı il (12 Şəhrivər 1405), cümə axşamı, Qum Əl-Beyt(ə) Beynəlxalq Universitetində keçirilən Elm, Sivilizasiya və İrfan İnstitutunun İslam elmləri üzrə texnoloji məhsullarının təqdimat mərasimində dini araşdırmalarda süni intellektdən istifadə və tətbiqi barədə çıxış edib.

Ayətullah Ərafi şəhid Ayətullah Xameneinin (r) və müqavimət cəbhəsi şəhidlərinin xatirəsini yad edərək bildirib: Şəhid Ayətullah Xameneinin (r) pak ruhuna və müqavimət cəbhəsi şəhidlərinə rəhmət diləyir, hazırkı böyük mübarizədə İslam və müsəlmanlara Allah-Təaladan yardım diləyirik. Bu, İslamla küfr, məzlumların dünyası ilə zalımlar dünyası arasında gedən böyük sivilizasiya mübarizəsidir.

Baxın:

Fotolar / İslam elmləri üzrə texnoloji məhsulların təqdimat mərasimi

Elmi hövzələrin rektoru mərasimdə iştirak edən alimlərə, müəllimlərə, elm xadimlərinə, tələbələrə və hövzə və universitet fəallarına xoş gəldiklərini bildirərək, son onilliklər ərzində Elmi hövzələrin elm və texnologiya sahəsində baş verən yeniliklərlə tanış olması və bu dəyişikliklərə uyğunlaşması üçün çalışan bütün fiziki və hüquqi şəxslərə və qurumlara səmimi təşəkkürünü bildirib.

Ayətullah Ərafi Elm, Sivilizasiya və İrfan İnstitutunun əməkdaşlarına xüsusi təşəkkür edərək, bu sahədə və institutla əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən gənc, yenilikçi, motivasiyalı və fəal tələbələrə, istedadlı şəxslərə, həmçinin hövzə və universitet nümayəndələrinə minnətdarlığını ifadə edib.

O vurğulayıb ki, İslam elmlərinin sərhədlərinin genişləndirilməsi, elm və İslam elmləri, koqnitiv elmlərdəki yeniliklər və qabaqcıl texnologiyalar arasında ortaq sahələrin və kəsişmə nöqtələrinin müəyyənləşdirilməsi istiqamətində göstərilən səylər böyük əhəmiyyət daşıyır.

Elmi hövzənin yeni texnologiyalar sahəsində əsas strategiyaları / İslam elmləri sisteminin süni intellekt əlavəsi ilə yenidən nəzərdən keçirilməsinə vurğu

Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi bildirib ki, bu mərasimdə iştirak etməkdə əsas məqsəd iştirak edən müəllim və mütəxəssislərə ehtiram və hörmətini ifadə etmək olub. O əlavə edib: Ötən iclasda qeyd etdiyim bəzi məqamları xatırlatmaq və bir neçə qısa məsələni də diqqətinizə çatdırmaq istəyirəm.

İlk məqam:

Elmi və texnoloji yeniliklərə iki yanlış yanaşma

Ayətullah Ərafi ilk məqamı izah edərək deyib: Biz elm və texnologiyanın yeni sahələrindən tutmuş müxtəlif istiqamətlərdə baş verən dəyişikliklər və yeniliklər qarşısında daim iki yanlış yanaşma ilə üzləşmişik:

1. Yeni dəyişikliklərə passiv yanaşma: Bu yanaşma yeniliklərə həddindən artıq heyranlıq, tələsik və səthi şəkildə, dərinlik olmadan faydalanmaqla müşayiət olunur. Dünyada elm və texnologiya sahəsində baş verən bəzi dəyişikliklərə, eləcə də cəmiyyətimizdə bu yeniliklərə münasibətdə belə yanaşmanın nümunələrini dəfələrlə görmüşük. Aydındır ki, bu, düzgün yanaşma deyil.

2. Qəflət və üz çevirmə: Digər yanaşma isə baş verən böyük dəyişikliklərə qarşı laqeyd və etinasız münasibət göstərmək, hətta bəzi hallarda onları inkar etmək və görməzdən gəlməkdir.

Elmi hövzələrin rektoru qeyd edib ki, həm hövzə daxilində, həm də hövzədən kənarda, eləcə də dünya xalqları arasında elmi, texnoloji, sosial və siyasi dəyişikliklər qarşısında bu iki yanaşmanın müxtəlif məsələlərdə nümunələrini müşahidə etmək mümkündür.

Düşüncə və ağıl sahiblərinin seçdiyi üçüncü yol

Qəyyumlar Şurasının üzvü olan Ayətullah Ərafi bildirib ki, bir tərəfdən heyranlıqla, səthi, tələsik, təslimçi və passiv yanaşma, digər tərəfdən isə yeniliklərdən üz çevirmək, onları görməzdən gəlmək, qəflət və unutqanlıq doğru yol deyil.

O vurğulayıb: Hikmət və ağıl sahibləri, düşünən insanlar və İslamın saf maarifindən bəhrələnənlər nə bu yolu, nə də digər yolu seçirlər. Onlar yeni hadisə və fenomenlərlə qarşılaşarkən üçüncü və ağıllı yolu seçirlər. Bu yol hadisələri dəqiq anlamağa, onları dərindən dərk etməyə, ağıllı və hikmətli şəkildə tanımağa çalışmağa, düzgün tənqidə, eləcə də ağıl və dindən əldə etdikləri prinsip və meyarlara əsaslanaraq onlardan faydalanmağa söykənir.

Elmi hövzənin yeni texnologiyalar sahəsində əsas strategiyaları / İslam elmləri sisteminin süni intellekt əlavəsi ilə yenidən nəzərdən keçirilməsinə vurğu

Elmi hövzələr süni intellektə qarşı düzgün yanaşma sərgiləməlidir

Ayətullah Ərafi vurğulayıb ki, üçüncü yol düzgün yoldur və Elmi hövzələrdə, eləcə də Elm, Sivilizasiya və İrfan İnstitutunda aparılan fəaliyyətlərdə öz böyük alimlərimizdən öyrəndiyimiz metod və yanaşmaya uyğun olaraq koqnitiv elmlər, qabaqcıl texnologiyaların yaratdığı yeni dalğalar və süni intellekt qarşısında məhz bu üçüncü yolu seçmişik.

Elmi hövzələrin rektoru ümidvar olduğunu bildirib ki, düşüncə və ağıl sahibləri, alimlər, tədqiqatçılar və araşdırmaçılar bir çox digər sahələrdə olduğu kimi, bu dəyişikliklərlə qarşılaşarkən də möhkəm düşüncə və hikmətli yanaşma ilə prosesə qoşularaq mühüm addımlar ata biləcəklər.

İkinci məqam:

Ayətullah Ərafi çıxışının davamında ikinci məqama toxunaraq deyib: Koqnitiv elmləri, qabaqcıl texnologiyaları və süni intellekti İslam mətnləri, mənbələri, elmləri və ilahi maariflə müqayisə etdikdə görürük ki, bu iki sahə bir-birinə zidd deyil. Əksinə, onlar arasında geniş kəsişmə və qarşılıqlı örtüşmə sahələri mövcuddur.

O əlavə edib ki, buradan etibarən tədqiqatçı və araşdırmaçıların diqqət yetirməli olduğu ən azı iki əsas istiqamət ortaya çıxır.

Birinci istiqamət:

Elmi hövzələrin rektoru birinci istiqaməti İslam elmlərinin elmi, tədqiqat və araşdırma fəaliyyətlərində elmi və texnoloji yeniliklərdən istifadə kimi müəyyənləşdirərək bildirib ki, bu istiqamətdə ən azı altı-yeddi mühüm sahə mövcuddur və həmkarlar artıq bu sahələr üzrə fəaliyyətə başlayıblar.

Qəyyumlar Şurasının üzvü olan Ayətullah Ərafi həmin sahələri belə sıralayıb:

1. Süni intellekt və yeni texnologiyaların İslam elmlərinin əsas mənbə və mətnlərində tətbiqi;

2. Onların ikinci dərəcəli mənbə və mətnlərdə tətbiqi;

3. İslam elmlərinin və İslam sistemlərinin özündə tətbiqi;

4. İlahi maarifin təbliği, izahı və yayılması sahəsində tətbiqi;

5. İslamın müxtəlif fərdi və ictimai sahələrdə həyata keçirilməsi və onun gerçəkləşdirilməsi üçün nümunələrin hazırlanmasında tətbiqi;

6. İslam idarəçiliyində onların tətbiqi;

7. İslam sivilizasiyasının inkişaf və dəyişikliklərinin ümumi şəkildə, hərtərəfli yanaşma ilə araşdırılması.

Ayətullah Ərafi vurğulayıb: Bunlar ötən iclasda qeyd etdiyimiz ən azı yeddi mühüm sahədir. Birinci istiqamətdə bu sahənin dinin elmlərinə, maarifinə və praktik tətbiqlərinə göstərəcəyi təsirlər elə bir məsələdir ki, ondan kənarda qalmaq mümkün deyil. Əksinə, bu prosesə daxil olmaq, qabaqcadan çalışmaq və passiv mövqe tutmamaq lazımdır.

İkinci istiqamət:

Ayətullah Ərafi ikinci istiqaməti birinci məsələnin əksi kimi xarakterizə edərək deyib: İslamın da bu sahədə öz sözü var. Din, İslam, ilahi maarif, həzrət Peyğəmbər (s) və Əhli-beytin (ə) təlimlərinin süni intellektin, əlaqəli elmlərin və müxtəlif yeni inkişafların mahiyyətində necə əks olunması və özünü göstərməsi aydınlaşdırılmalıdır.

Elmi hövzələrin rektoru bildirib ki, ikinci istiqamətdə də həmkarların qeyd etdiyi və hazırda Elm, Sivilizasiya və İrfan İnstitutunun universitet bölməsində üzərində çalışdığı kimi, 5 mövzuya diqqət yetirilməlidir:

1. İslam və hikmət yanaşması əsasında süni intellekt fəlsəfəsi;

2. Süni intellektin fiqhi və hüquqi aspektləri;

3. Süni intellektin kəlam və ilahiyyat məsələləri;

4. Süni intellekt etikası;

5. Süni intellekt sahəsində İslam sistemi.

Qəyyumlar Şurasının üzvü olan Ayətullah Ərafinin sözlərinə görə, İslam bütün bu baxış və istiqamətlərdən, eləcə də öz elmlərinin bütövlüyü çərçivəsində elmi, texnoloji və digər yeni inkişaf və dəyişikliklər qarşısında mövqeyini dəqiq müəyyənləşdirməli, eyni zamanda bu sahənin özünəməxsus xüsusiyyətlərini və tələblərini nəzərə almalıdır.

Ayətullah Ərafi əlavə edib: Bu iki istiqamət üzrə qeyd etdiyimiz ikinci məqam Elm, Sivilizasiya və İrfan İnstitutunun gələcəkdə izləməli olduğu yoldur.

Üçüncü məqam:

İslam elmləri sisteminin süni intellekt əlavəsi ilə yenidən nəzərdən keçirilməsi

Elmi hövzələrin Ali Şurasının üzvü çıxışının davamında üçüncü məqama toxunaraq deyib: Koqnitiv elmlər və süni intellekt sahəsində baş verən dəyişikliklərin genişliyini və əhatə dairəsini nəzərə alaraq, düşünürəm ki, öz əsas prinsiplərimizə sadiq qalmaqla açıq, dərin və ictihad əsaslı yanaşma nümayiş etdirməli, elmlər sistemimizi süni intellekt əlavəsi ilə yenidən nəzərdən keçirməliyik.

Elmi hövzələrin rektoru bu addımın həssas və çətin olduğunu bildirərək izah edib: İlk növbədə tarixi baxımdan yüksək dəyərə malik olan nəzəri və əqli kəlam elmimizi bu sahədən ortaya çıxan yeni suallar əsasında yenidən nəzərdən keçirməliyik. Həmkarlar artıq müəyyən dərəcədə bu işə başlayıblar. Təqdim olunan kitabda Vacib varlığın isbatının müqəddimələrindən tutmuş həmkarların irəli sürdüyü məsələlərə qədər bu mövzu araşdırılıb. Maddi və mücərrəd varlıqdan tutmuş peyğəmbərlik, məad, möcüzə, insanın mövqeyi və iradə azadlığına, eləcə də kəlam elmindəki bir çox digər məsələlərə qədər bütün bu mövzular yeni elmi və texnoloji dəyişikliklər nəzərə alınmaqla yenidən oxunuşa ehtiyac duyur.

O əlavə edib: Əlbəttə, bu, öz əsaslarımızdan imtina etməyimiz demək deyil. Biz hikmət, əql və ictihad üzərində qurulmuş möhkəm düşüncə əsaslarımıza söykənir və onlara inanırıq. Yeni dəyişiklikləri nəzərə alan bu yeni oxunuş İslam elmlərində mühüm istiqamətlərdən biridir və bütün bu məsələlərə əlavə yanaşma kimi tətbiq oluna bilər.

Ayətullah Ərafi bildirib ki, fəlsəfə və xüsusilə hikmətül-mütəaliyə sahəsində də eyni yanaşma ilə yeni oxunuş və şərh aparılmalıdır. O əlavə edib ki, fiqh və əxlaq sahələrində də vəziyyət eynidir və elmlər sistemimiz süni intellekt əlavəsi ilə yenidən dərindən araşdırıla və təhlil edilə bilər.

Elmi hövzələrin rektoru qeyd edib: Ümid edirik ki, böyük Qum Elmi hövzəsi və həmçinin Elmi hövzələr bu məsələyə diqqət yetirəcəklər. Əlbəttə, bütün bu sahələrdə mütəxəssislər və universitetlərlə qarşılıqlı əməkdaşlığa ehtiyac var və inşallah, bu qarşılıqlı əlaqə və əməkdaşlıq davam etdiriləcək.

Dördüncü məqam:

Süni intellektin imkan və təhdidləri kompleks şəkildə araşdırılmalıdır

Ayətullah Ərafi çıxışının davamında dördüncü məqama toxunaraq bu genişmiqyaslı dəyişikliklərin yaratdığı imkan və təhdidlərin də nəzərə alınmasının vacibliyini vurğulayıb. O deyib: Bir çox Qərb mütəfəkkiri və tədqiqatçısı bu inkişafların elm və bilikdən tutmuş iqtisadiyyat, siyasət, idarəçilik, insanın gələcəyi, insan həyatı və bəşər sivilizasiyasına qədər yaratdığı imkan və təhdirlər barədə araşdırmalar aparıb. Araşdırmaq lazımdır ki, bu dəyişikliklərin həmin sahələrə təsiri müsbətdir, yoxsa mənfi. Müsbətdirsə, hansı istiqamət və nəticələrə malikdir, mənfidirsə, hansı fəsadlara gətirib çıxara bilər?

Elmi hövzələrin rektoru müdafiə və təhlükəsizlik sahəsinə də toxunaraq əlavə edib: “Bu məsələ müdafiə və təhlükəsizlik sahəsinə də aiddir. Son müharibələrdə gördük ki, bu texnologiyalardan ilk dəfə geniş və effektiv şəkildə istifadə edildi. 12 günlük müharibə və həmçinin Ramazan ayında baş vermiş müharibədən əvvəl müdafiə, təhlükəsizlik və müharibənin müxtəlif sahələrində bu həcmdə tətbiq və dəyişikliklər bu şəkildə özünü göstərməmişdi. İndi isə ilk dəfə olaraq bu inkişaflardan həmin sahələrdə geniş şəkildə istifadə olunur.

Ayətullah Ərafi bildirib ki, bu sahələrdə həm güclü, həm də zəif tərəflər mövcuddur və əlavə edib: Zəif olduğumuz və buna görə də həssas vəziyyətə düşdüyümüz sahələrdə daha çox çalışmalıyıq.

Elmi hövzənin yeni texnologiyalar sahəsində əsas strategiyaları / İslam elmləri sisteminin süni intellekt əlavəsi ilə yenidən nəzərdən keçirilməsinə vurğu

Müdafiə və təhlükəsizlik sahəsində süni intellektə diqqət yetirilməsinin zəruriliyi

Elmi hövzələrin Ali Şurasının üzvü iki il əvvəl İslam İnqilabının şəhid lideri ilə görüşünü xatırladaraq deyib: İki il əvvəl Ali Məqamlı Rəhbərin və şəhid komandirin hüzurunda idim. Orada bildirdim ki, üç məsələ üzərində çalışmaq lazımdır. Bunlardan biri qeyri-hərbi müdafiə, bu sahə ilə bağlı məsələlər və həmçinin süni intellektdir. Dedim ki, mənim anlayışıma görə, süni intellekt universitetlərdə, Elmi hövzələrdə və ölkəmizin həssas mərkəzlərində lazımi səviyyədə diqqət mərkəzində deyil. Bu baxımdan ciddi zərərlərlə üzləşə bilərik. Buna görə də daha çox səy göstərilməlidir.

Düşmənin müharibələrdə yeni texnologiyalardan zülmkarcasına istifadəsi / İranın heyrətamiz qüdrəti

Ayətullah Ərafi son iki müharibənin təcrübəsinə toxunaraq bildirib: Son iki müharibədə gördük ki, iqtisadiyyat, siyasət, təhlükəsizlik, idarəçilik və müdafiə sahələrində bu texnologiyalardan İslam sisteminə, İslam İnqilabına və Müqavimət cəbhəsinə zərər vurmaq üçün zülmkarcasına istifadə etdilər.

O, bununla yanaşı vurğulayıb: Bunun qarşılığında bizim gücümüz də heyrətamiz idi. Bu müharibələrdə baş verənlər son əsrdə bənzəri görünməmiş tarixi və möcüzəvi bir hadisə idi: Bir xalqın dünyanın ən güclü elmi, texnoloji, iqtisadi, siyasi və hərbi güclərindən birinin qarşısında dayanaraq müqavimət göstərə bilməsi.

Elmi hövzələrin rektoru İran xalqının və silahlı qüvvələrinin müqavimətini tarixi hadisə adlandıraraq deyib: Bu, böyük xalqımızın, silahlı qüvvələrimizin, İnqilabın Ali Məqamlı Rəhbərinin və böyük şəhidlərimizin həyata keçirdiyi ən möcüzəvi işlərdən biri idi.

İran xalqının əzəməti dünyada heyranlıq doğurur

Ayətullah Ərafi bu yaxınlarda bir qrup afrikalı alimlə keçirdiyi görüşə toxunaraq bildirib: Afrika ölkələrindən təxminən 50 tanınmış alim burada idi və iclasda iştirak edirdi. Onlarla təxminən 40 dəqiqə söhbət etdim. Onların hamısı İranda mövcud olan əzəmətdən heyrətlənmişdi.

İranın və iranlıların əzəmətini qorumağın yolu

Elmi hövzələrin rektoru son səfərlərinə toxunaraq deyib: Son səfərlərim zamanı İraq, Malayziya, ondan əvvəl isə Rusiya və bir neçə başqa ölkədə oldum. Hər yerdə dünya ictimaiyyətinin İran xalqının əzəmətinə və İslam İnqilabının böyük ideya və düşüncə xəttinə heyranlığının şahidi oldum. Bu əzəmət böyük bir sərvətdir. Lakin bu nailiyyəti və əzəməti qorumaq üçün elmin bütün sərhədlərində irəliləməliyik.

Şəhid Ayətullah Xameneinin (r) elmi və texnoloji qüdrətin yaradılmasına xüsusi diqqəti

Ayətullah Ərafi şəhid Ayətullah Xameneinin (r) elm və texnologiyaya xüsusi diqqətinə toxunaraq vurğulayıb: Elmi və texnoloji qüdrət bizim şəhid Ayətullah Xameneinin (r) ən mühüm fəaliyyət istiqamətlərindən biri idi. Hamı bunu onun çıxışlarında və görüşlərində görürdü. İnsan şəxsən də şahid olurdu ki, o, elm və texnologiya məsələlərinə nə qədər böyük əhəmiyyət verir və onları necə diqqətlə izləyirdi. Şəhid Ayətullah Xamenei (r) ölkənin elm və texnologiya sahəsindəki vəziyyətini bütün detalları ilə, addım-addım izləyirdi.

Elmi hövzələrin rektoru əlavə edib:“Əminəm ki, ölkəmizdə elm, elmi nailiyyətlər və qabaqcıl texnologiyalar sahəsində əldə etdiyimiz inkişafların böyük bir hissəsi onun xüsusi diqqəti olmadan baş verməzdi və ən azı bu formada reallaşmazdı. Bu diqqət və qayğı davam etdirilməlidir.

Elmi hövzələr elmi dəyişikliklərin önündə və lideri olmalıdır

Ayətullah Ərafi Elmi hövzələrin missiyasına toxunaraq bildirib: Bizim Elmi hövzələrdə dini missiyamız və məsuliyyətlərimiz baxımından çiyinlərimizdə ağır bir yük var. İslam elmlərinə əsaslanaraq, fəqihlərin, mühəddislərin və böyük alimlərin nümayiş etdirdiyi ictihad, dəqiqlik və yorulmaz səylərlə, onların metod və yanaşmasını əsas götürərək yeni sahələrə və istiqamətlərə üz tutmalıyıq. Nur üfüqlərini açmalı, öncül və aparıcı olmalı, elmi və texnoloji dəyişikliklərin önündə getməliyik.

Elmi hövzələrin rektoru bu məqsədə praktiki şəkildə çatmağın çətin olduğunu bildirərək deyib: Bunları söyləmək asandır və təsvir etmək baxımından çox asan görünür. Lakin həyata keçirmək və praktikada reallaşdırmaq çətindir. Şükürlər olsun ki, gənc cəmiyyətimiz, gənc elm xadimlərimiz və müəllimlərimiz böyük potensiala malikdirlər. Onlar universitet alimləri ilə birlikdə bu yolu keçə bilərlər.

Gələcək üçün insan kapitalının hazırlanması və bilik istehsalı

Ayətullah Ərafi çıxışının sonunda Elm, Sivilizasiya və İrfan İnstitutunun fəaliyyətinə toxunaraq bildirib: Elm, Sivilizasiya və İrfan İnstitutu qarşıya qoyulan və burada qeyd olunmayan sahələr üzrə həm hövzə, həm də universitet kadrlarının hazırlanması, gələcək üçün böyük şəxsiyyətlərin yetişdirilməsi və mütəxəssis heyətinin formalaşdırılması istiqamətində bu yolu davam etdirir.

Xəbərin sonu

Elmi hövzənin yeni texnologiyalar sahəsində əsas strategiyaları / İslam elmləri sisteminin süni intellekt əlavəsi ilə yenidən nəzərdən keçirilməsinə vurğu

Elmi hövzənin yeni texnologiyalar sahəsində əsas strategiyaları / İslam elmləri sisteminin süni intellekt əlavəsi ilə yenidən nəzərdən keçirilməsinə vurğu

Elmi hövzənin yeni texnologiyalar sahəsində əsas strategiyaları / İslam elmləri sisteminin süni intellekt əlavəsi ilə yenidən nəzərdən keçirilməsinə vurğu

Elmi hövzənin yeni texnologiyalar sahəsində əsas strategiyaları / İslam elmləri sisteminin süni intellekt əlavəsi ilə yenidən nəzərdən keçirilməsinə vurğu

Elmi hövzənin yeni texnologiyalar sahəsində əsas strategiyaları / İslam elmləri sisteminin süni intellekt əlavəsi ilə yenidən nəzərdən keçirilməsinə vurğu

Elmi hövzənin yeni texnologiyalar sahəsində əsas strategiyaları / İslam elmləri sisteminin süni intellekt əlavəsi ilə yenidən nəzərdən keçirilməsinə vurğu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha